Bakıda istirahət və xidmət sahəsində yenilik

2020-11-16

Bakıda istirahət və xidmət sahəsində yenilik

Oyun layihəsi “Talpa” və xidmət layihəsi “Çağır Gəlsin”in müəllifi və təsisçisi Turqut Zeynalovla müsahibə:

- 1news.az oxucularına özünüzü necə təqdim edərdiniz? İlk öncə təhsiliniz, vəzifəniz, necə oldu ki, Fransaya getdiniz, neçə ildir ki, orada yaşayırsınız və daha nələri söyləmək istərdiniz?  

- Bütün oxucuları ilk olaraq salamlayıram. Adım Turqut Zeynalovdur. Naxçıvan şəhərində anadan olmuşam. Bakalavr təhsilini ADNAda - indiki ADNSU - bitirdikdən sonra 2013-cü ildə LafargeHolcim (Azərbaycan) - həmin zaman Holcim (Azərbaycan) - şirkətində peşəkar fəaliyyətimə başlamışam. 6 il orda istehsalat prosesləri üzrə operator və daha sonra mühəndis kimi çalışdıqdan sonra bu ilin sentyabr ayında Fransanın Lyon şəhərinə yerdəyişmə etdim. Hal-hazırda LafargeHolcim şirkətinin Avropa regionu üzrə İstehsalat Meneceri kimi fəaliyyət göstərirəm.



- Sizin üçün Azərbaycan hansı anlamı kəsb edir? Vətən üçün darıxırsınız?

 - Azərbaycandakı bütün prosesləri bura gəldikdən sonra daha sıx izləyib və şərh bildirirəm. Səbəbin kökü tam olaraq nədir bilmirəm. Amma hər halda mən bunu darıxmaq ilə əlaqələndirirəm. Mənimçün Azərbaycan – doğmalıq, dostluq, səmimiyyət və yaxşı çay evi deməkdir (gülür).


- Bir sıra layihələriniz var ki, onlar yalnız Azərbaycanda təqdim olunub və bu layihələri uzaqdan necə idarə edirsiniz? Bakıdakı komandanız barədə danışın.

- İlk layihəmiz olan Çağır Gəlsin (https://www.cagir.az/) üzərində işləməyə 2018-ci ilin sentyabr ayından başladıq. İlk başda 5 nəfər olaraq başlayıb daha sonra 4 olaraq davam etdik. Bu ilin avqust ayından Çağır Gəlsin rəsmi olaraq fəaliyyətə başladı. Talpa oyunları layihəsinə isə bu ilin may ayında başlayıb oktyabr ayında start verə bildik. Komandamızda fərqli sektorlardan olan və müxtəlif yüksək bacarıqlara malik yoldaşlarımız var. Layihələrə hər gün işdən sonra vaxt ayırmağa çalışıram. Bu da orta hesabla gündəlik 14-16 saat işləməyimə gətirib çıxarır. Hal-hazırda 2 layihəmizi 8 nəfərlə idarə edirik.


- «Talpa» layihəsinin yaranma tarixi necə oldu? Bu ideya necə yarandı?

- Bu layihə haqqında ilk olaraq düşünməyə mənə görə gəlmiş keçmiş ən yaxşı serial olan “Black Mirror”-a baxdıqdan sonra başladım. Bu serialda rəqəmsal dünyada əslində hara getdiyimiz hər dəfə çox çarpıcı əks olunur. Bazarın tələbatı isə layihənin reallaşmasına bilavasitə təkan verdi. Belə ki, hal-hazırda yaxından baxsaq Azərbaycanda iaşə və əyləncə sektorlarına olan maraq digərlərindən kəskin fərqlənir. Digər tərəfdən idman, əyləncə və rəqabət sintezi məni hər zaman cəlb edib. Mən də istədim ki, biz bu şəraiti hər kəs üçün əl çatan və münasib edək.



- Bu layihənin əsas məqsədi və cəmiyyətə çağırışı nədir?

Layihənin məqsədində bir neçə amil yatır. Ən əsaslarında biri 21-ci əsr insanının gedərək daha da böyüyən “rəqəmsal zombiləşmə” prosesini az da olsa ləngitmək. Belə ki, uşaqlara artıq ortada qaldı, 7 şüşə anlayışları ancaq nağıl kimi gəlir. Və ya gənclərimiz asudə vaxtlarını ya çayxana, ya playstation, ya da sosyal şəbəkələrdə keçirir. Biz həm əyləncə, həm idman atmosferası yaradaraq onların özlərinin də bilmədikləri tərəflərini kəşf etmələrinə vəsilə oluruq. Və son olaraq onu deyə bilərəm ki, artıq bəy və xanımların birlikdə eyni məkanda əylənə bildiyini gördükdə hədsiz sevinirəm.


- Layihə Bakıda necə qarşılandı və hazırda nə dərəcədə uğurludur?

- Deyərdim layihəyə gözləntilərimizin üzərində maraq göstərildi. Məncə təkcə onu demək kifayətdir ki, fəaliyyətimizin ilk həftəsində 100-dən çox Talper (biz belə adlandırırıq) qəbul etdik. Maraq - artan tendensiyadadır. Tezliklə ikinci filialımızı açmağı düşünürük.


- Bu layihə ilk növbədə kimlər üçün yarandı? “Talpa”nın daşıdığı əsas roldan bəhs edin

- Talpa oyunlarını 16 yaşdan yuxarı hər kəs oynaya bilər. Müştəriləmizin statistik yaş ortalaması 25-26 yaşlardır. Hətta bu yaxınlarda 40 yaşında bir müştərimiz belə oldu. İlk baxışdan sadə görsənən oyunlar oynamağa başladıqda mümkünsüz ola bilir bəzən. Əgər qazanmaq arzusu, rəqabət hissi və çərçivədən çıxmaq istəyi daşıyırsınza, bu Talpa oyunlarında aşkar hiss olunacacaqdır.


- «Talpa» da iştirak etmək üçün nə etmək lazımdır?

Bizimlə sosial şəbəkələr Instagram və ya Facebook vasitəsilə əlaqə saxlaya və ya bir-başa göstərilmiş nömrəyə zəng edə bilərlər. Biz hər zaman tövsiyyə edirik ki, daha öncədən rezerv etsinlər. Bu onların gözləmə ehtimalını sıfıra salacaqdır.



-Bu layihənin Azərbaycan perspektivləri nələrdir?

-Hal-hazırda biznesin inkişafına dair işlər aparılır. Perspektivlərimiz böyük, planlarımız geniş miqyaslı və uğur ehtimalı böyükdən daha böyükdür (улыбается). Bizim hədəfimiz Azərbaycanda bu sferada əvəzedilməz bir şirkətə çevrilməkdir və bu yolda əmin və planlı addımlar atırıq.


- Digər layihəniz – “Çağır Gəlsin” “Talpa”dan köklü şəkildə fərqlənir. Bu cür xidməti yaratmağınızın səbəbi nə oldu?

- Ümumən belə bir anlayış var ki, hər hansısa Start Up-a başlamaq istədikdə lazım olan ən vacib addım problemi aşkarlamaqdır. Yəni ortada bir problem varsa onun həlli də mütləq vardır. Məsələ bu həlli aydınlatmaqdadır. Çağır Gəlsin layihəsində də bizim məqsədimiz məişətdə mövcud olan bəzi problemləri aradan qaldırmaq idi. Məsəlçün deyə bilərəm ki, bizi hər zaman narahat edirdiki fiziki və ya əqli qüsurlu vətəndaşlarımız bərbərə necə gedirlər?! Və ya evə hər hansı usta çağırdıqda qiyməti daha öncədən niyə bilə bilmirik? Nəticə etibarı ilə bu probləmlərin həllinə fokus olmaqla öz yeni konsepsiyalarımızı yaratdıq və nəticə ortadadır.


- Azərbaycan bazarında “Çağır Gəlsin”i digər oxşar xidmətlərdən fərqləndirən xüsusiyyəti nədir?

- Mən tam rahatlıqla deyə bilərəm ki, nəinki Azərbaycanda hətta dünyada Çağır Gəlsin platforması kimi (https://www.cagir.az/) ikinci bir platforma yoxdur. Oxşarları var amma tam eynisi yoxdur. Biz istənilən müştəriyə ona lazım olan icraçını saniyələr ərzində tapıb, onun haqqında ətraflı məlumat oxuyub standart bir qiymətlə çağırmağa imkan yaratmışıq. Bu zaman ödəniş növü müştərinin seçimindən asılı olaraq nağd və ya kartla ola bilər.


- Hazırda “Çağır Gəlsin” hansı xidmətləri təqdim edir?

- Hazırda Çağır Gəlsin 12 xidmət növünü əhatələndirir. Onlardan 7-si (Təmizlik, Məişət, Gözəllik, Masaj, Çay Yoldaşı, Ev Heyvanı baxıcılığı və Bərbər) hal hazırda aktivdir. Digər xidmətlər isə (Avto, Ev Yeməyi, Premium Konsultasiya, Əyləncə və Dayə) tezliklə aktivləşəcəkdir.


- Sizcə hər hansı bir problem yaranarsa nə üçün məhz “Çağır Gəlsin”ə müraciət etmək lazımdır?

- Mənə bu sual tez tez verildiyindən özümə artıq bir sıralama hazırlamışam (gülür).

İlk olaraq bütün xidmətlərin standart və sabit qiyməti var və onların hamısı bir platformada cəmlənmişdir. İstənilən xidmət filtir edildikdən sonra axtarılan meyarlara uyğun qiymət çıxır. İkincisi icraçılarla vaxt baxımından heç bir dialoqa girilmir. Axtarışda çıxan icraçı sizin seçdiyiniz tarixdə boşdur deməkdir. Daha sonra icraçının peşəkarlığı haqqında bütün məlumatlar onunla dialoqa girmədən öyrənilə bilir və istənildikdə onlar haqqında digər müştərilərin fikirlərini də oxumaq mümkündür. Ödənişi nağd etmək istəmədikdə kartla etmək mümkündür. Hansı xidmətin sifariş ediləcəyindən əmin olduqda 5-10 saniyə ərzində sifariş yekunlaşa bilir. Və ən əsaslarından biri güvəniləcək bir mərkəzin olması.


- “Çağır Gəlsin” gələcəkdə hansı xidmət sahəsini əhatə edəcək?

- Hələlik ilk növbədə aktiv olmayan xidmətlərimizi aktivləşdirməyi düşünürük. Bu xidmətlərə əlavə olaraq Digər xidmətlər də yarada bilərik gələcəkdə. Bu isə öz növbəsində az tələb olunan məişət xidmələrini əhatələndirəcək. Məsəlçün dərzi,repetitor, tibb bacısı və s.



- Sonda isə bizlərə ümumilikdə yaxın gələcəkdəki planlarınızdan bəhs edərdiniz – Azərbaycanda və ola bilsin ki, Fransada yeni nələri həyata keçirmək istərdiniz?

Hal hazırda layihələrlə bağlı əsas məqsədimiz onları daha da genişləndirməkdir. Çağır Gəlsini ölkə xaricinə daşımaq niyyətimiz var. Təbii ki, bununçün güclü maddi resurs tələb olunur. Talpanı isə ölkənin bir nömrəli əyləncə mərkəzinə çevirməyi düşünürük. Fransada isə...mmm... yaxşı Qəlyanxana açmaq olar (gülür).

Share:

fb_iconlinkedin_icon

Related Posts